“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz çox işləyirik, çalışırıq. Futbolçularımızın da əhval-ruhiyyəsi yaxşıdır. Hamı meydana çıxmaq, oynamaq istəyir. Belədə, işimiz daha da asanlaşıb. Burada bir məqam heyətlə bağlı qərar verməkdir. “Sumqayıt”la görüşdə yaxşı performans ortaya qoyduq. Qol epizodlarımız da çox idi. Böyük hesabla qələbə qazana bilərdik. Hətta buraxılan qoldan sonra da yaxşı reaksiya göstərdik. Mənim üçün önəmli məqam da budur.
Futbolçulara aprelin ağır ay olacağını bildirmişəm. Ardıcıl olaraq, güclü komandalarla qarşılaşacağıq. Əslində, bunun özü də əladır. Düzünü deyim, həmin matçları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Həmin oyunlarda uğurlu nəticələr qazansaq, hər şey daha da yaxşı olacaq.
Bizim hər matça görə planımız var. Amma bu haqda nəsə deyə bilmərəm. Rəqiblərimizin zəif və güclü tərəfləri haqda məlumatlıyıq. Həm A, həm də B planımız olur.
Emin Mahmudovdan gözləntim böyükdür. Yəqin ki, 1-2 günə məşqləri bərpa edəcək. O, bizim kapitanımızdır. Bilirsiniz, kapitanla oyun bir cür olur, kapitansız başqa cür. Yəni, meydanda idarəetmə baxımından Eminsiz çətinliklər baş verə bilir. O, gün keçdikcə böyüyür”.


