Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Mərasimdə Peşəkar Futbol Liqasının, “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun meneceri İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Neftçi Arena”da keçiriləcək. Həlledici matça saat 20:00-da start veriləcək.



