Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun final oyunu ilə bağlı qərarlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Kuboku, final
“Sabah” – “Zirə” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
Xatırladaq ki, ötən gecə keçirilmiş “Sabah” – “Zirə” finalında hesabı qəsəbə təmsilçisi açsa da, nominal meydan sahibləri ikinci hissədə iki qol vurmaqla əzmkar qələbə qazanıblar – 2:1. Bu qələbə sayəsində Azərbaycan Kubokunu qazanmış “Sabah” həm də “qızıl dubl”a imza atıb. Çünki paytaxt təmsilçisi bir neçə gün öncə Azərbaycan Premyer Liqasının da qalibi olmuşdu.
Finalda “Sabah”ın heyətində Aaron Maluda, Stiv Solvet və Kahim Parris sarı vərəqə alıblar. “Zirə”nin heyətində isə Qismət Alıyev, Georgi Papunaşvili, Ayron Qomis və Ange Mutsinzi qarşılarında sarı vərəqə görüblər. “Zirə”də rəsmi şəxslər siyahısında yer almış Nicat Şıxəliyev də hakimin qərarına etiraza görə xəbərdarlıq alıb.


