2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Andrey Tırkovyanu ilə də vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Pumıniyalı hücumameyilli yarımmüdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Andrey Tırkovyanu “Şamaxı”ya 2025-ci ilin yanvar ayında azad agent kimi cəlb edilmişdi. 29 yaşlı futbolçu əyalət klubunun heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Andrey Tırkovyanu Buxarest “Dinamo”sunun yetirməsidir. O, ölkəsində “Qaz Metas”, “Vitorul” (Konstanta), “Konkordiya”, “Botoşani”, “Farul”, “Arceş” kimi klubların da şərəfini qoruyub. “Şamaxı”dan öncə isə Tırkovyanu Kanadanın “Pasifik” klubunun formasını geyinib.
Tırkovyanu Rumıniyanın U-16 və U-17 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da vidalaşmışdı.


