Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin 2026/2027-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-nə qədər Bakıda – klubun özünə məxsus futbol mərkəzində keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-nə qədər Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.
Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
Qeyd edək ki, “Neftçi” Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. “Ağ-qaralar”ın bu mərhələdəki rəqibi isə sabah baş tutacaq püşkatmadan sonra müəyyənləşəcək.


