İngiltərənin “Tottenhem” klubu əsas heyətin aparıcı futbolçularından biri olan Pedro Porro ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə London təmsilçisinin yaydığı məlumata əsasən xəbər verir.
26 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi ilə imzalanmış yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2028-ci ilin yayında bitəcəkdi.
Xatırladaq ki, Pedro Porro karyerasına “Peralada” klubunda başlayıb. Daha sonra “Jirona”dakı çıxışı ilə diqqət çəkən müdafiəçi 2019-cu ildə 12 milyon avro qarşılığında İngiltərənin “Mançester Siti” klubuna keçib. Elə həmin vaxt “Valyadolid”ə icarəyə verilən futbolçu, 2020-ci ildə də “Sportinq” tərəfindən icarəyə götürülüb. 2022-ci ilin yayında Portuqaliya klubu “şəhərlilər”ə 8,5 milyon avro ödəyərək Porronun transfer hüquqlarını da alıb. “Mançester Siti”də oynamayan futbolçu “Sportinq”də 98 matçda 12 qol vurub, 20 məhsuldar ötürmə edib.
“Tottenhem” Porronu 2023-cü ilin yanvar ayında icarə əsasında heyətinə qatmışdı. İspan futbolçunun yarım mövsümlük icarəsi üçün “Sportinq”ə 5 milyon avro ödəmiş İngiltərə klubu, elə həmin ilin iyulunda 40 milyon avrosundan keçərək Pedronun transfer hüquqlarını da almışdı.
Porro “Tottenhem”in heyətində indiyə qədər 152 oyuna çıxıb, 13 qol vurub, 26 məhsuldar ötürmə verib.
İspaniyanın U-21 yığmasında oynamış futbolçu, 2021-ci ildən əsas milliyə dəvət alır. O, İspaniya millisində 20 oyun keçirib, 1 qol vurub, 2 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


