Murat Yakın: “Bu gün bəxt də bizim tərəfimizdə idi”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/8 finalında Kolumbiya yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqibi penaltilər seriyasında məğlub etdikləri oyundan (0:0, pen. 4:3) sonra komandasının matça hazırlıq planının tam reallaşdığını bildirib.

Təcrübəli mütəxəssis oyunun gedişatının əvvəlcədən hazırladıqları ssenari üzrə keçdiyini vurğulayıb:

“Bu oyun üçün hazırladığımız planı tam açıqlamaq istəmirəm. Amma hər şey istədiyimiz kimi alındı və ən vacibi də budur. Matçın əvvəlində təcrübəyə və düzgün yanaşmaya ehtiyacımız var idi. İkinci hissədə etdiyimiz dəyişiklik topa nəzarəti daha da artırdı. Həmçinin penaltilər seriyasında görmək istədiyimiz futbolçuları da meydana buraxa bildik. Həmişə bir planın olur. O plan işləyəndə bundan daha böyük məmnunluq duyursan. Əlbəttə, bu gün bir qədər bəxt də bizim tərəfimizdə idi, amma futbolun bir hissəsi də budur”, deyə Murat Yakın etiraf edib.

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso isə komandasının məğlubiyyəti haqq etmədiyini bildirib. Onun sözlərinə görə, Kolumbiya həm əsas, həm də əlavə vaxt ərzində rəqibdən daha təhlükəli çıxış etsə də, qol vurmağı bacarmayıb:

“Şübhəsiz ki, bizə çatışmayan yeganə şey qol idi. Bilirdik ki, çox qapalı və taktiki mübarizə olacaq. Buna baxmayaraq, hesab edirəm ki, 90 dəqiqə ərzində yaratdığımız epizodlara və zərbələrə görə daha artığına layiq idik”.

Lorenso bildirib ki, matçın sonlarına doğru hər iki komanda yoruldu və oyunun tempi aşağı düşdü. O, yarımmüdafiəçi Con Ariası yorğunluq və mümkün ikinci sarı vərəqə riski səbəbindən əvəzlədiyini açıqlayıb. Hücumçu Luis Suares də eyni səbəbdən meydandan çıxarılıb:

“Rəqib qapısı qarşısında 15 təhlükəli hücumumuz oldu. Bu kifayət qədər böyük göstəricidir. Belə imkanlardan istifadə etməyəndə bunun əvəzini ödəyirsən. Futbolçularımı qınaya bilmərəm. Bəzən top qapıya daxil olur, bəzən isə yox”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: