2026/2027-ci illər mövsümündən etibarən Premyer Liqada çıxış edəcək “Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi elitanın digər iştirakçısı “İmişli” ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutmuş qarşılaşma məhsuldar alınıb. Oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. “İmişli”nin qollarını Edvin Banqera və Dioqo Kardozo vurublar.
Xatırladaq ki, “İmişli” növbəti yoxlama oyununu iyulun 21-də Bakı Olimpiya Stadionunda “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasına qarşı keçirəcək. “Şəfa” isə növbəti sınaq matçında iyulun 25-də Qəbələdə eyniadlı komanda ilə üz-üzə gələcək.
Sonda onu da qeyd edək ki, əyalət təmsilçisi Premyer Liqanın yeni mövsümünün ilk turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq. “Əczaçılar”ı isə startda “Zirə” ilə səfər oyunu gözləyir.


