Futbol üzrə Venesuela milli komandasının hücumçusu Freddi Varqas 2026/2027-ci illər mövsümündə də “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində “Neftçi”nin heyətində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub. Bu üzdən də “ağ-qalarar” onun transfer hüquqlarını almağa qərar veriblər. Venesuela milli komandasının futbolçusu ilə 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “ağ-qaralar” ötən il Varqasın bir mövsümlük icarəsi üçün İsrail klubuna 175 min avro ödəmişdilər. Onun transfer hüquqlarının alınması üçün isə böyük ehtimalla daha böyük məbləğ ödənilib.
Freddi Varqas Venesuelanın “Deportivo Lara” klubunun yetirməsidir. “Dallas”, “Nord Texas”, “Metropolitanos”, “Makkabi” (Bney Reyne) kimi klublarda da oynamış futbolçu 2024-cü ilin yayından Netanya “Makkabi”sində çıxış edirdi. O, sözügedən komandanın heyətində 31 oyuna çıxıb, 4 qol və 8 assistlə yadda qalıb.
Venesuelanın U-20 yığmasında da oynamış Varqas 2021-ci ilin sentyabrında əsas millidə debüt edib. O, yığmada 3 oyuna çıxsa da, fərqlənə bilməyib.
Xatırladaq ki, “Neftçi” bu yay Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon və Lyubomir Tuptanı da heyətinə qatmış, Elvin Camalov, Emin Mahmudov və Emil Balayevlə yeni müqavilə bağlamışdı. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


