Kamerun millisinin və “Neftçi”nin keçmiş hücumçusu Vensan Abubakar bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.
Arena.az xəbər verir ki, 34 yaşlı forvard Türkiyənin Birinci Liqasında çıxış edən “Bodrumspor”la müqavilə imzalayıb.
Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Abubakar yeni klubuna azad agent kimi keçib.
Xatırladaq ki, “Neftçi” Abubakarı oktyabr ayında heyətinə qatmış və 1+1 illik müqavilə bağlamışdı. O, “ağ-qaralar”ın heyətində 18 oyuna çıxıb, 9 qol vurub, 1 assist müəllifi olub. Ötən mövsüm bitən kimi klub onunla yollarını ayırmağa qərar vermişdi.
Vensan Abubakar daha öncə Türkiyədə “Beşiktaş” və “Hatayspor”un da formasını geyinib. O, karyerası ərzində “Portu”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport” kimi klubların da formasını geyinib. Hücumçu “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.
Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


