Xulian Alvares “Atletiko” azarkeşlərindən üzr istədi

Madridin “Atletiko” klubunun hücumçusu Xulian Alvares yayda komandadan ayrılmaq istədiyi barədə açıqlamasına görə azarkeşlərdən üzr istəyib.

Arena.az xəbər verir ki, Alvares dünya çempionatı zamanı Madrid klubundan ayrılmaq istədiyini bildirmişdi.

Bundan əvvəl, may ayında “Barselona”nın hücumçu üçün “Atletiko”ya 100 milyon avro təklif etdiyi, lakin klubun bu təklifi qəbul etmədiyi barədə məlumat yayılmışdı. Futbolçunun açıqlamaları azarkeşlərin narazılığına səbəb olmuş, avqust ayında onlar bir neçə dəfə Alvaresə qarşı təhqiramiz şüarlar səsləndirmişdilər.

26 yaşlı hücumçu baş verənlərə görə təəssüfləndiyini bildirib:

“Dünya çempionatı zamanı dediyim sözlərə görə azarkeşlərimizdən üzr istəmək istəyirəm. Bu, səhv idi. Həm sözlərimi necə deməyim, həm də bunu nə vaxt etməyim səhv idi. Azarkeşlərin niyə qəzəbləndiyini başa düşürəm. Mən də onların yerində olsaydım, əsəbiləşərdim. Xüsusilə də məni nə qədər dəstəklədiklərini nəzərə alsaq. Onlar mənə qarşı çox səxavətli olublar və mən bunu yüksək qiymətləndirirəm”.

Xulian Alvares komanda yoldaşlarına da təşəkkür edib və son oyunlarda özünü daha yaxşı hiss etdiyini vurğulayıb:

“Bu müddət ərzində mənə dəstək olduqları üçün komandaya da təşəkkür etmək istəyirəm. Tədricən özümə gəlirəm və bütün komanda yoldaşlarıma minnətdaram. Son oyunlarda həm fiziki cəhətdən, həm də topla daha yaxşı hiss edirdim. Komandaya kömək etmək istəyirəm və əlimdən gələni edəcəyəm. Həyatda hər şey qaydasında olanda bu, meydanda da hiss olunur. Ümid edirəm ki, əzmkarlıq və təvazökarlıq sayəsində vəziyyəti dəyişə biləcəyəm”.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ildən “Atletiko”da çıxış edir. O, daha əvvəl “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, klublararası dünya çempionatının və digər nüfuzlu turnirlərin qalibi olub.

Argentina millisinin heyətində 62 oyun keçirən hücumçu 16 qol vurub və 4 məhsuldar ötürmə verib. O, yığma ilə 2022-ci ildə dünya çempionatını, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: