Canni İnfantino “Sabah” – “Qarabağ” oyunundan paylaşım etdi

FIFA prezidenti Canni İnfantino futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah” – “Qarabağ” matçını canlı izləyib.

Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib.

Ali futbol qurumunun rəhbəri qolsuz başa çatmış turun mərkəzi matçını stadiondan izlədiyini bildirib:

“Bakıda keçirilən rəqabətli oyunda “Sabah” və “Qarabağ” xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam. Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm”.

Xatırladaq ki, ötən gün Mərdəkandakı “Sabah Arena”da baş tutan “Sabah” – “Qarabağ” oyunu qolsuz başa çatıb.

Canni İnfantino hazırda Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı ilə əlaqədar Azərbaycanda səfərdədir. O, məhz bu fürsətdən istifadə edərək milli çempionatımızın oyununu da izləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: