“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Penaltilər üzərində hər zaman çalışıram. “Dinamo”nun bizdən hansı komponentdə üstün olduğunu deyə bilmərəm. Bunları baş məşqçimiz bizə deyəcək. Rəqibin zəif və güclü tərəfləri barədə oyundan öncəki iclasda məlumat veriləcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.
Səfər qolunun ləğvinə gəlincə, açığı, mən bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi fərqlidir. Bundan sonra əksər oyunlarda penaltilər seriyası olacaq. Əksər cavab görüşlərində hamı oyunun penaltilərə qədər uzanmasına çalışacaq”.


