“Qarabağ” və “Neftçi”nin ilk oyunlarının hakimləri bilindi

“Qarabağ” və “Neftçi”nin Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunların hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, “Qarabağ”ın Şotlandiyanın “Aberdin” klubuna qarşı keçirəcəyi ilk matçı Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.

“Neftçi”nin İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəyi ilk matç Fransadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi olan Villi Delajo olacaq. Ona yan xətt hakimləri Medi Ramuni və Ervan Fincan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Avqustun 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” matçına saat 20:00-da start veriləcək.

Həmin gün, 8-ci km stadionunda oynanılacaq “Neftçi” – “Makkabi” (Hayfa) matçı isə saat 21:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: