İngiltərənin “Aston Villa” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Stiven Cerrard çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötənlərin əfsanəvi futbolçusu ilə 2024-cü ilin iyununadək davam edəcək müqavilə imzalanıb.
Cerrard bu postda üç gün əvvəl istefaya göndərilmiş Din Smiti əvəzləyib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
Stiven Cerrard 2018-ci ildən Şotlandiyanın “Reyncers” komandasını çalışdırırdı. “Aston Villa” ingilis məşqçini sükanı arxasına gətirmək üçün “Reyncers”ə 3 milyon funt sterlinq kompensasiya ödəməlidir.
İngiltərə yığmasının sabiq üzvü olan Cerrard futbolçu karyerası ərzində yalnız İngiltərənin “Liverpul” və ABŞ-ın “Los Anceles Qalaksi” komandalarında çıxış edib. Cerrard “Reyncers”ə 2020/21 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.
“Aston Villa” bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda cəmi 10 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.


