Futbol üzrə Azərbaycan millisinin Malta və Latviya ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.
İtaliyalı mütəxəssisin açıqladığı heyətdə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alır. De Byazi uzun müddətdən sonra 5 futbolçunu Azərbaycan millisinin heyətinə qaytarıb. Bunlar “Sabah”ın qapıçısı Səlahət Ağayev, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda, “Neftçi”dən Eddi İsrafilov, “Ersgebirge”dən Dmitri Nazarov və “Zirə”nin hücumçusu Ağabala Ramazanovdur. Bu oyunçuların hamısı son olaraq 2019-cu ilin noyabrında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda komandaya çağırılıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.
Qapıçılar:
- Mehdi Cənnətov – Zirə
- Nicat Mehbalıyev – Qəbələ
- Səlahət Ağayev – Sabah
Müdafiəçilər:
- Maksim Medvedev – Qarabağ
- Bəhlul Mustafazadə – Qarabağ
- Azər Salahlı – Neftçi
- Bədavi Hüseynov – Qarabağ
- Höccət Haqverdi – Sumqayıt
- Təmkin Xəlilzadə – Zirə
- Toral Bayramov – Qarabağ
- Abbas Hüseynov – Qarabağ
- Amin Seydiyev – Sabah
Yarımmüdafiəçilər:
- Riçard Almeyda – Qarabağ
- Qara Qarayev – Qarabağ
- Coşqun Diniyev – Zirə
- Filip Ozobiç – Qarabağ
- Eddi İsrafilov – Neftçi
- Aleksey İsayev – Sabah
- Emin Mahmudov – Neftçi
- Dmitri Nazarov – Ersgebirge (Aue, Almaniya)
- Namik Ələsgərov – Bursaspor (Türkiyə)
Hücumçular:
- Renat Dadaşov – Tondela (Portuqaliya)
- Ramil Şeydayev – Qarabağ
- Ağabala Ramazanov – Zirə
Yeri gəlmişkən, Azərbaycan millisinin Maltaya qarşı keçirəcəyi ilk sınaq matçının hakimləri də müəyyənləşib. Martın 25-də Maltadakı “National Stadium”da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Alexandro Hernandes.
Baş hakimin köməkçiləri: Xose Naranyo, Anxel Nevado.
Dördüncü hakim: Sezar Soto Qrado.


