Asim Əlizadə Latviyada darmadağına üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadə futbol üzrə Latviya çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, “Dauqavpils”in üzvü olan 22 yaşlı futbolçu 2-ci tur çərçivəsində baş tutan RFS ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda ağır məğlubiyyətə üzülüb – 0:4.

Asim bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 59-cu dəqiqədə əvəzlənib.

İki turdan sonra 3 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Asim Əlizadə “Dauqavpils”də icarə əsasında çıxış edir. Martın əvvəlində Latviya klubuna keçən gənc futbolçu bu mövsümün sonuna, yəni noyabrın 20-dək “Dauqavpils”in uğurları üçün çalışacaq.

Asim “Neftçi”nin əvəzedici komandasının aparıcı futbolçularından biri idi. O, əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxmışdı. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasının da üzvü olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: