Rəşad Sadıqov: “Kor-koranə hücum etmədik və istəyimizə çatdıq”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca, futbolçuların üzərində əlavə psixoloji təzyiq olur. Bunu ilk hissədə də gördük. Birinci yarının çətin keçəcəyini gözləyirdik. İkinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım. Bu, 3-cü yer və avrokuboklar üçün önəmli qalibiyyət idi.

Futbolçular ruhdan düşmədilər, mübarizə apardılar. Ən əsası da odur ki, kor-koranə hücum etmədik. Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur. “Sumqayıt” ötən tur “Qəbələ”yə qarşı yaxşı oynamışdı. Hiss olunur ki, komandada canlanma var”.

Rəşad Sadıqov Coşqun Diniyevin çıxışını da dəyərləndirib: “Ehtiyatda oyunçumuz var idi. Sadəcə, əvvəlcə hücum xəttini gücləndirdik. Ön xətdə kreativliyi artırmaq üçün Davit Volkov və Ahmed Ayzayanı meydana buraxdıq. Daha bir əvəzetməmiz qalmışdı. Matçın sonlarına yaxın Coşqun Diniyev yorulmuşdu ki, bu da başadüşülən idi. Çünki həm kubok görüşündə, həm də bu qarşılaşmalarda ilk dəqiqələrdən xeyli güc sərf etmişdi. Onu 5-10 dəqiqə tez də əvəzləmək olardı. Amma yaxşı keçirdiyi oyunlardan biri oldu. Top itkilərinə yol verməsi normaldır. Aparıcı futbolçudur. Hücumların qurulmasında yaxından iştirak edir. Əsas futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu mənada hər hansı problem hiss etmədim”.

Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, məğlubiyyətə layiq deyildik”.

Belaruslu mütəxəssis meydanda birlik və istək göstərdiklərini bildirib: “Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: