Samir Abasov: “Qarabağ”ı artıq çempion hesab edirəm”

Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Kubokun cavab oyununa bir az gümrah çıxmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Futbolçuları da başa düşürəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu görüşdə məqsəd qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək idi. İkinci məqsəd isə görüşə tam heyətlə çıxmaq idi. Təəssüf ki, Sezar Meza Kolli, İvan Brkiç, Voyislav Stankoviç, Mert Çelik kimi oyunçular zədələdirlər. Onların olmaması komandaya təsir göstərdi. Həmin futbolçuların “Zirə”yə qarşı ölkə kubokunun cavab görüşündə iştirakı da sual altındadır. Düşünürdük ki, oyun yaxşı gedərsə, bəzi futbolçuları matçın gedişində dəyişib, onlara istirahət verərik. Bu da alınmadı. Son oyunlarda heyətlə bağlı müəyyən problemlər yaşayırıq. Meydanda 10 və ya 11 nəfərlə qalmağın fərqi yoxdur. Sona qədər mübarizə aparmaq lazımdır. Əsas odur ki, bu gün də uğurlu seriyanı davam etdirdik. Başqa çıxış yolumuz yoxdur. Yolumuza davam edirik. Bəzi zədəlilərimiz təkrar müayinədən keçəcəklər. Onlardan cavab gözləyirik. Ehtiyat oyunçular skamyamıza baxsanız, görərsiniz ki, vəziyyətimiz ürəkaçan deyil”.

Samir Abasov artıq “Qarabağ”ı çempion hesab etdiyini vurğulayıb: “Gəlin, bunu gizlətməyək. Çünki iki komandanın digərlərinə qarşı oyunu göz önündədir. Mən deməklə deyil. Bu gün heç “Qarabağ”ı düşünmürdük. Yalnız bir məqsədimiz var idi ki, seriyanı davam etdirək, kubok öncəsi əhval-ruhiyyəmiz yaxşı olsun. Əsas heyət üzvlərinin olmamasının komandaya nə qədər təsir etdiyini bilirəm. Çünki öz aralarında da danışırlar”.

O, Ömər Buludovun ikinci sarı vərəqə ilə meydandan qovulmasına da toxunub: “Həmin anı oyun epizodu saymıram. “Neftçi”nin futbolçusu belə hadisənin yaşanmasına imkan verməməlidir. Deməli, o qədər təzyiq altındasan ki, passivində bir sarı ola-ola durduğun yerdə rəqibi dartırsan, haqlı olaraq da qırmızı vərəqə alırsan. Futbolçumuz həmin dəqiqə düşdüyü situasiyanı analiz edə bilmirsə, bizə nə qədər çətin olduğunu anlayın”.

Aftandil Hacıyev hakimlikdən narazı qaldı: “Neftçi”dən üstün oynadıq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibdən üstün oynadıq. Kifayət qədər epizodlarımız oldu. Sadəcə, son nöqtəni qoymaq üçün ustalıq çatmadı. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlamağa çalışdıq. Planımız böyük ölçüdə alındı. İkinci hissədə rəqib azlıqda qaldıqdan və hesabı açdıqdan sonra belə, oyundan qopmadıq. Hətta qol da vurduq. Düşünürəm ki, təmiz qol idi. Təkrara baxdıqdan sonra bir daha əmin olduq.

Komandamın çıxışından razı qaldım. Rəqibdən geri qalmasaq da, ustalıq səviyyəmiz aşağı idi. Məğlub olmamalıydıq. Düşünürəm ki, “Neftçi” özü də 3 xal qazanacağını gözləmirdi. Qarşıdakı matçlara baxacaq, layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Aftandil Hacıyev görüşün baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyindən narazılığını da dilə gətirib: “Oyunun tempini daha çox referi aşağı salırdı. Halbuki buna ehtiyac yox idi. Rəqib son çempion idi. Bəzi qərarlarını anlamadıq. Rəqib qapıçı oyunu kifayət qədər gecikdirirdi. Biz əks-hücuma keçəndə matçı saxlayıb, sarı vərəqə göstərirdi. Bir sözlə, rəqibə azlıqda olduğunu hiss etdirmədi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: