“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq və çempionatda seriyanı davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq asan deyildi. Gənc futbolçularımızı təbrik edirəm. Öz üzərlərində işləsinlər, biz də onlara dəstək olarıq.
Komandadan gözləntilər həddən artıq böyükdür. Reallıqları dərk edən insanlar var. Ən yaxşısını etdiyimizi düşünürəm. Bu qədər gənc futbolçu oynadan olmamışdı. Çempionatda seriyanı uduzmadan davam etdirmək futbolçularımızın, xüsusən təcrübəlilərin böyük zəhmətinin nəticəsidir. Bugünkü reallıq belədir ki, çıxdığımız oyunlarda mübarizə aparmalıyıq. Sonuncu dəfə qol buraxdığımız oyun demək olar ki, olmayıb. Bunları edə biliriksə, o qədər də pis nailiyyət deyil”.
Samir Abasov bildirib ki, onu tez-tez sistemi dəyişdiyinə görə qınayırlar: “Bu gün bir neçə oyunçumuzun yoxluğunda da sistemi niyə dəyişdiyimizi deyən olacaq. İstər çölümüzdən, istərsə də içimizdən. Araşdırmadan “niyə filankəs oynamadı” sualları ortaya çıxır. Elə oyunlarımız olub ki, komanda daxilində çaxnaşma salmağa çalışırlar. O qədər vacib oyunlar öncəsi belə hallar olub ki… Baş məşqçi önəmli matçlardan əvvəl kiməsə deyə bilərmi ki, səni istəmirəm? Bu cür vəziyyətdə ab-havanı qoruya bilmişiksə, kubokdakı məğlubiyyətdən sonra uda biliriksə, böyük nailiyyətdir”.
“Penalti epizodu ilə bağlı iradım yoxdur”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə məğlub olduqları matçı belə şərh edib: “Oyunun yalnız 20-ci dəqiqəsinədək olan bölümünü şərh edə bilərəm. Həmin dəqiqəyədək qol buraxsaq da, komandam inamlı oynayırdı. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi.
Futbolçularını müdafiə etməliyəm. Amma azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimliyi və məni də günahkar görə bilərlər. Bu oyunun hakimliyindən siz deyəndən sonra düşünməyə başladım. Penalti epizodu ilə bağlı iradım yoxdur. Hakimliyi normal qiymətləndirirəm.
Araz Abdullayevi meydandan çıxarmağımız onun əzələ problemləri üzündən bir həftəyədək məşqi buraxması ilə bağlı idi. Qırmızı vərəqədən sonra qərara aldıq ki, onu çıxaraq. Əks halda, gələcək matçlar üçün Arazı itirə bilərik. Hələ qarşıda oyunlarımız var, onu itirmək istəmirik”.


