Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Arena.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar barədə məlumat verib.
İdman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib.
Daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:
- Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;
- Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;
- Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;
- Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;
- A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;
- Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.
Beləliklə, baş məşqçi Samir Abasovun may ayının 31-də başa çatan müqavilə müddəti uzadılmayıb. Klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
2020-ci ilin noyabrından “Neftçi”ni çalışdıran Abasov 2020/2021 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın qalibi olub. Komandaya 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb.
“Neftçi” onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.
Abasovu Vernidub əvəz edəcək, ya Qonçarenko?
Sonda onu da qeyd edək ki, “Neftçi”ni yeni mövsümdən əcnəbi mütəxəssis çalışdıracaq. Klub rəhbərliyinin iki legioner məşqçi namizədi var. Bunlardan biri belaruslu Viktor Qonçarenkodur. Qonçarenko məşqçi karyerası ərzində BATE (Belarus), ÇSKA , “Kuban, “Ural”, “Ufa”, “Krasnodar” (hamısı Rusiya) klublarında işləyib.
Digər namizəd isə Yuri Vernidubdur. Son olaraq Tiraspol “Şerif”ini UEFA Çempionlar Liqasına çıxarması ilə diqqət mərkəzinə düşmüş ukraynalı mütəxəssis, əvvələr Soliqorsk “Şaxtyor”una və Luqansk “Zarya”sına da rəhbərlik edir. Lakin 56 yaşlı məşqçinin Ukraynadakı müharibə başlayandan sonra ölkəsinə qayıdaraq orduya qoşulduğuna dair xəbərlər yayılmışdı. Bu üzdən onun “Neftçi”yə gəlişinin nə dərəcədə real olması bir qədər sual doğurur. Bu gün “Şerif” onunla rəsmən yollarını ayırdığını da açıqlayıb. Amma Ukrayna mətbuatı Vernidubun ölkəsinin “Tiraspol” klubu ilə müqavilə bağlamağa hazırlaşdığını yazıb.


