Kleman Lanqle “Barselona”nı tərk etdi, “Tottenhem”ə keçdi

Futbol üzrə Fransa yığmasının müdafiəçisi Kleman Lanqle İspaniyanın “Barselona” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu qarşıdakı mövsümü İngiltərənin “Tottenhem” klubunda davam etdirəcək.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Tottenhem” fransalı oyunçunu bir mövsümlük icarəyə götürüb.

Kleman Lanqle peşəkar karyerasında 2013-cü ildə Fransanın “Nansi” klubunda başlayıb. 2015/16 mövsümündə 19 yaşında olan futbolçu “Nansi”nin Liqa 2-də çempion olmasında və elitaya yüksəlməsində əsas pay sahiblərindən olub. Gənc oyunçu həmin mövsümdə 34 matça çıxıb.

Lanqle 2017-ci ilin yanvarında İspaniyanın “Sevilya” klubuna transfer olunub. 2018-ci ilin iyulunda isə müdafiəçi, bu ölkənin digər təmsilçisi “Barselona”ya keçib. O, Kataloniya təmsilçisində bütövlükdə 160 matça çıxıb, 7 qol vurub. Mərkəz müdafiəçisi Fransa yığmasında da 15 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: