Aleksandr Sörlot yenidən “Real Sosyedad”da!

Futbol üzrə Norveç yığmasının hücumçusu Aleksandr Sörlot Almaniyanın “Leypsiq” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı forvar yenə İspaniyanın “Real Sosyedad” klubuna icarəyə verilib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. La Liqa təmsilçisi ötən mövsüm də icarəyə götürdüyü forvardı növbəti dəfə heyətinə qatmaq qərarına gəlib. Sörlotun 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcəyi bildirilir.

Aleksandr Sörlot ötən mövsüm “Real Sosyedad”da 44 oyuna çıxıb, 8 qol vurub. O, 2020-ci ilin sentyabrından “Leypsiq”də çıxış edir. Bundesliqa təmsilçisi həmin vaxt bu oyunçunu İngiltərənin “Kristal Pelas” klubundan 20 milyon avroya transfer etmişdi. Lakin norveçli futbolçu Almaniya klubunda 38 oyuna cəmi 6 qol vura bilib.

Sörlot peşəkar karyerasına “Rusenborq”da başlayıb. O, “Bodo Qlimt”, “Qroningen”, “Midtyulland”, “Kristal Pelas”, “Gent”, “Trabzonspor” kimi klublarda da forma geyinib. Hücumçu Norveç yığmasında keçirdiyi 42 oyunda 15 dəfə fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: