Futbol üzrə Argentina yığma komandasının müdafiəçisi Kristian Romero İtaliyanın “Atalanta” klubundan birdəfəlik ayrılıb. Arena.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu 24 yaşlı futbolçunun transfer hüquqlarını alıb.
O, Premyer Liqa təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə bağlayıb. İngiltərə klubu transfer üçün “Atalanta”ya 50 milyon avro ödəyib.

Xatırladaq ki, Kristian Romero ötən yay “Atalanta”dan icarə əsasında “Tottenhem”ə keçmişdi. O, 2021/22 mövsümündə londonluların heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Argentinalı futbolçu daha öncə “Belqrano” və “Cenoa”da da oynayıb. “Atalanta”ya isə o, “Yuventus”dan 17 milyon avro qarşılığında keçmişdi. Romero Argentina yığmasında meydana çıxdığı 11 oyunda 1 qolla yadda qalıb.
“Tottenhem” öz oyunçularından Harri Uinksi də İtaliyanın “Sampdoriya” klubuna icarəyə verib. 26 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək. “Tottenhem”in öz yetirməsi olan ingilis futbolçunun bütün karyerası yalnız London klubuna bağlıdır. O, bu komandada 203 oyuna çıxıb, 5 qol vurub. Uinks İngiltərə millisində də 10 oyuna 1 dəfə fərqlənib.


