Unai Emeri “Vilyarreal”ı “Aston Villa”ya dəyişdi

İspaniyalı məşqçi Unai Emeri İspaniyanın “Vilyarreal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, o, bundan sonra İngiltərənin “Aston Villa” komandasını çalışdıracaq.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Britaniya mətbuatının iddiasına görə, “Aston Villa” bu keçid üçün “Vilyarreal”a 6 milyon avro təzminat ödəyəcək. 50 yaşlı mütəxəssisin İngiltərə klubu ilə imzaladığı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Premyer Liqa təmsilçisinin sükanı arxasında Stiven Cerardı əvəzləyən Emeri yeni işinə noyabrın 1-dən başlayacaq.

Xatırladaq ki, Stiven Cerrard 2021-ci il noyabrın 11-dən etibarən “Aston Villa”ya rəhbərlik edirdi. Komanda Premyer Liqanı ötən mövsüm 14-cü yerdə başa vurub. Birmingem klubu cari mövsümdə 12 oyundan sonra 12 xalla 15-ci yerdədir. Cerrard “Aston Villa”nı bütövlükdə 40 oyuna çıxarıb. Komanda bu oyunlarda 13 qələbə qazanıb, 8 heç-heçə edib, 19 məğlubiyyətə üzülüb.

Unai Emeri isə 2020-ci ilin iyul ayından “Vilyarreal”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 129 oyuna çıxarıb. La Liqa təmsilçisi bu görüşlərdə 65 qələbə qazanıb, 34 heç-heçə edib, 30 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: