AFFA Samir Abasovla Anar Niftəliyevi 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan iclasda Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib. “Şamaxı”nın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə “Şamaxı” klubu 4000 manat cərimə edilib. Buna görə Anar Niftəliyevə 5 oyunluq cəza da verilib. Bu oyunda hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə sözügedən klublar 800 manat cərimə ediliblər.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” komandası stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilib. Stadionda suyun təzyiqinin olmadığına və futbolçular sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimə edilib. Samir Abasov isə 5 oyunluq cəzalandırılıb.

“Səbail” – “Sabah” oyununda “Səbail” tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: