Futbol üzrə Niderland milli komandasının yarımmüdafiəçisi Arno Danjuma İspaniyanın “Vilyarreal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı vinger bundan sonrakı karyerasını İngiltərənin “Tottenhem” klubunda davam etdirəcək.
Premyer Liqa təmsilçisi sol cinah yarımmüdafiəçisini satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Arno Danjuma PSV-nin yetrməsidir. O, “NEK Neymegen”, “Brügge” və “Bornmut” kimi klubların da formasını geyinib. 2021-ci ilin avqust ayından “Vilyarreal”da çıxış edən yarımmüdafiəçi, bu komandanın heyətində 51 oyuna çıxıb. O, bu görüşlərdə 22 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Danjuma 2018-ci ildən Niderlandın əsas yığmasına da dəvət alır. O, milli komandada 6 oyuna çıxıb və 2 qol vurub.
Danjumanı “Tottenhem”ə icarəyə verən “Vilyarreal” da “Jirona”dan Ramon Terratsı icarəyə götürüb. İspaniyadan olan 22 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağı açıqlanıb. 2020-ci ildən “Jirona”da forma geyinən Terrats, bu komandada 56 oyun keçirib. O, daha öncə “Sant Andreu” klubunun da formasını geyinib.
Yeri gəlmişkən, “Jirona” da ABŞ-ın “Nyu York Siti” klubundan Aleksander Kalyensi transfer edib. Peru milli komandasının da üzvü olan 30 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Mərkəz müdafiəçisi 2017-ci ilin yanvar ayından MLS təmsilçisində çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 193 matçda 15 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Perulu futbolçu daha öncə İspaniyada “Real Sosyedad” və “Numansiya”nın da uğurları üçün çalışıb. Ölkəsində “Sport Boys”un formasını geyinmiş müdafiəçi, milli komandada 34 oyuna 1 qol vurub.


