Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu heyətinə iki yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, Antalya təmsilçisi “Beşiktaş”dan Emrecan Uzunhanı, Macarıstanın “Pakş” klubundan isə Balint Şabonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq. Amma Şabo satınalma şərti ilə icarəyə götürülüb. Türkiyə klubu yayda futbolçunun transfer hüquqlarını almaq üçün macarlara 250 min avro ödəməli olacaq.
Balint Şabo Macarıstanın “Fehervar” klubunun yetirməsidir. O, ölkəsində “Budaerş” və “Kapoşvar”ın da formasını geyinib. 2020-ci ilin iyul ayından “Pakş”da forma geyinən 22 yaşlı mərkəz yarımmüdafiəçisi, bu komandada 50 oyuna 6 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Şabo vaxtilə Macarıstanın U-16, U-17 və U-19 yığmalarında da oynayıb.
Emrecan Uzunhan isə “Qalatasaray” və “İstanbulspor” klublarının yetirməsidir. “Beşiktaş” onu 2022-ci ilin iyul ayında “İstanbulspor”dan 2 milyon avro qarşılığında transfer edib. Amma 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “qara qartallar”ın heyətində cəmi 6 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu üzdən də gənc futbolçu daha çox forma şansı qazanması üçün “Antalyaspor”a icarəyə verilib.


