Futbol üzrə Braziliya milli komandasının və İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Tyaqo Silva uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 38 yaşlı İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Tottenhem”lə oyunda zədələnib. O, 0:2 hesabıyla uduzduqları bu matçın 19-cu dəqiqəsində aldığı zədə səbəbindən Uesli Fofana ilə əvəzlənmək məcburiyyətində qalmışdı.
Artıq təcrübəli müdafiəçi tibbi müayinədən keçib. Onun diz bağlarından aldığı xəsarətin ciddi olduğu müəyyənləşib. Braziliyalı futbolçu buna görə altı həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Tyaqo Silva 2020-ci ilin avqust ayından “Çelsi”nin uğurları üçün çalışır. Braziliya millisinin üzvü bu mövsüm “zadəganlar”ın heyətində 26 oyuna çıxıb. O, bütövlükdə London təmsilçisində keçirdiyi 109 oyunda 5 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Daha öncə PSJ, “Milan” və “Fluminense”də də oynamış Silva, Braziliya milli komandasında 113 oyuna çıxıb və 7 qol vurub.




