Bu ilin yanvar ayında “Zirə”dən ayrılan serbiyalı mərkəz müdafiəçisi Nemanya Andelkoviç yenidən Azərbaycan klubuna qayıdıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, cari mövsümün sonuna qədər bu komandada çıxışını davam etdirəcək. Halbuki, Serbiyadan olan 25 yaşlı müdafiəçi ilə müqaviləyə yanvarın 22-də qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanmışdı. Onun zirəlilərlə müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədərdir. Bu üzdən də tərəflər müqavilə müddəti bitənə kimi əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəliblər.
Xatırladaq ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 54 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi daha öncə “Zlatibor”, “Pivara”, “Javor-Matis”, “Metalak” və “Radnik” kimi klublarda da çıxış edib.


