“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı vəziyyətə düşəcəkdik, bilmirdik. Daha sonra həmin vəziyyətdən necə çıxacaqdıq, bu da bilinmir. Bir sözlə, çoxlu suallar var idi. Komandamda istək görünürdü. Hər iki komanda demək olar ki, eyni vəziyyətdə matça çıxmışdı. Aşağı-yuxarı eyni oyun göstərdik. Keyfiyyət aşağı olsa da, lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, o da qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi. Onlara təşəkkür edirəm. Öz aralarında da danışıqları olmuşdu, bu oyunda qalib gələcəklərinə söz vermişdilər. Sağolsunlar ki, verdikləri sözü tutdular”.
Samir Abasov qış fasiləsindən sonra 9 xal yığmalarının yaxşı nəticə olduğunu bəyan edib: “Bu, bizim kimi komanda üçün nəticədir. Əsas məqsədimiz 9-cu yeri tutmaqdır. Nə qədər üst pillələrə çıxsaq, bizim üçün yaxşıdır. Vacib olan odur ki, sonuncu pilləni tutmayaq. Amma görmək istədiyimiz oyun bu deyil. Yeni gələnlərə vaxt lazımdır. Onlar nə istədiyimi anlamalıdırlar. Futbolçulara vaxt lazımdır. Bir komanda qurursansa, baş məşqçiyə inanırsansa, gözləməlisən”.


