Antonio Konte “Tottenhem”dən qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem”də baş məşqçi Antonio Konte istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyadan olan 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. O, baş məşqçinin səlahiyyətlərini yerinə yetirəcək. Yeni baş məşqçinin isə mövsüm bitdikdən sonra müəyyənləşməsi gözlənilir. Rayan Meyson da Stelliniyə köməkçi təyin olunub.

Xatırladaq ki, Antonio Konte 2021-ci ilin noyabr ayından “Tottenhem”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 76 oyuna çıxarıb. Londonlular bu görüşlərdə 41 qələbə qazanıblar, 12 heç-heçə ediblər və 23 məğlubiyyətə üzülüblər. Konte daha öncə “Aretso”, “Bari”, “Atalanta”, “Syena”, “Yuventus”, “Çelsi” və “İnter” klublarında da baş məşqçi kimi çalışıb. O, 2014-2016-cı illər aralığında da İtaliya milli komandasına rəhbərlik edib.

“Tottenhem” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 28 oyunda 15 qələbə qazanıb, 4 heç-heçə edib və 9 məğlubiyyətlə üzləşib. Komanda topladığı 49 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Kontenin “Tottenhem”dən qovulmasında əsas səbəblərdən biri komandanın UEFA Çempionlar Liqasının 1/8 finalında İtaliyanın “Milan” klubuna uduzaraq mübarizəni dayandırması səbəb göstərilir. Lakin italiyalı məşqçinin komanda üzvləri ilə münasibətlərinin qaydasında olmadığı da vurğulanır. O, hətta Premyer Liqanın son turu çərçivəsində baş tutan “Sauthempton”la oyundan sonra futbolçuları və klub rəhbərliyini tənqid etmişdi. Bu üzdən də Kontenin istefaya göndərilməsi xeyli müddət idi gündəmdəydi.

Xəbəri sosial şəbəkələrdə paylaş: