Azərbaycan Premyer Liqasının 29-cu turunda baş tutan “Zirə” ilə oyun “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”nin heyətində 90-cı çempionat matçına çıxıb.
Futbolçunun yubileyi “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda gerçəkləşib.
Ülvi “Qəbələ” forması ilə çıxdığı Premyer Liqa görüşlərində 16 qola imza atıb. O, klubun heyətində çempionatda 90 və daha çox oyun keçirən 12-ci futbolçudur.
Xatırladaq ki, İsgəndərovun “qırmızı-qara” formada çıxdığı ilk Premyer Liqa matçı 2019/20 mövsümündə baş tutub. O, 2019-cu il avqustun 17-də “Sumqayıt”la ev görüşündə (0:2) şans qazanıb.
Ülvi İsgəndərov “Qəbələ”də 2017-ci noyabrın 29-da debüt matçına çıxıb. O, Azərbaycan kubokunun “Mil-Muğan”la görüşündə meydana çıxmaqla yanaşı, qol hesabını da açıb.


