Futbol üzrə Türkiyə milli komandasının və “Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Arda Turan məşqçiliyə başlayıb. Arena.az xəbər verir ki, hazırda 36 yaşı olan keçmiş futbolçu TFF 1-ci Liqada mübarizə aparan “Eyüpspor” komandasının “sükanı arxasına” keçib.
Bu barədə klub rəhbərliyindən yerli mətbuata məlumat verilib. “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız yayılan xəbərləri təsdiqləyib: “Xəbərlər doğrudur. Arda “Eyüpspor”un yeni baş məşqçisi oldu”.
Qeyd edək ki, Arda “Eyüpspor”un baş məşqçi postunda ötən gün istefaya göndərilmiş Zafer Turanı əvəz edib. Yeni baş məşqçinin debütü bu həftə “Göztəpə” ilə oyuna təsadüf edəcək. İzmirdə baş tutacaq bu səfər oyunu aprelin 16-da keçiriləcək. Sözügedən komanda bu mövsüm TFF 1-ci Liqada 31 oyuna 57 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Arda Turan futbolçu karyerasını ötən il başa vurub. O, 2005-ci ildən 2011-ci ilə qədər yetirməsi olduğu “Qalatasaray”ın əsas komandasında 197 oyuna çıxıb, 45 qol vurub. 2006-cı ildə bir müddət “Manisaspor”da icarədə də olmuş futbolçu, 2011-ci ildə İspaniyanın “Atletiko” klubuna transfer olunub. Hücumameyilli yarımmüdafiəçi Madrid təmsilçisində 178 oyuna çıxıb, 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.
2015-ci ildə isə Ardanı İspaniyanın digər nəhəngi “Barselona” öz heyətinə qatıb. Türkiyə millisinin üzvü Kataloniya klubunda 55 oyun keçirib, 15 qol və 11 məhsuldar ötürmə müəllifi olub. 2018-ci ildə “Barselona”da heyətə düşməkdə çətinlik çəkdiyini görən futbolçu ölkəsinə qayıtmağa qərar verib. O, 2020-ci ilə qədər İstanbulun digər təmsilçisi “Başakşəhər”də forma geyinib. Tez-tez zədələrlə üzləşən oyunçu, bu komandada cəmi 39 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
2020-ci ildə “Barselona” ilə müqaviləsini ləğv edən Arda, yenidən ona doğma olan “Qalatasaray”a qayıdıb. Lakin iki mövsüm ərzində 46 oyuna çıxan futbolçu, cəmi 4 qol vura bilib. Ardanın “Qalatasaray” karyerası bütövlükdə 237 oyundan, eləcə də 59 qol və 66 məhsuldar ötürmədən ibarətdir. O, Türkiyə yığmasında 100 oyun keçirib və 17 qola imza atıb.


