“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində doğma meydanda “Səbail” komandasını qəbul edəcək. Arena.az xəbər verir ki, bu gün baş tutacaq matç “qırmızı-qaralar”ın tarixinə Premyer Liqadakı 500-cü matç kimi düşəcək.
Azərbaycan çempionatının yüksək dəstəsində 2006/07 mövsümündə debüt edən komanda indiyədək 499 görüşə çıxıb.
“Qəbələ” 17 mövsüm ərzində 195 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 607 qol vuran “Qəbələ” futbolçuları 561 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 721 xal toplayıb.
“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komanda olacaq. Qəbələ şəhər stadionundakı matç 250-ci ev görüşüdür. Digər 250 matç səfərdə baş tutub.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cl il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib.
Sonda onu da qeyd edək ki, “Qəbələ” “Səbail”lə ev oyununun hazırlıq prosesini ötən gün başa vurub. Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.
Bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Səbail” matçına saat 17:30-da start veriləcək. 31 turdan sonra 45 xala malik “Qəbələ” hazırda 4-cü pillədə qərarlaşıb. “Səbail” 22 xalla sonuncudur. İlk üç pillədə isə “Qarabağ” (78), “Sabah” (74) və “Neftçi” (61) komandaları qərarlaşıblar. “Zirə”nin 42, “Turan Tovuz”la “Kəpəz”in 29, “Sumqayıt”ın 28, “Şamaxı”nın 23 xalı var.


