Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Amil Yunanov son mövsümdə formasını geyindiyi “Şamaxı”dan ayrılıb.
Arena.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı forvard karyerasını yenidən Premyer Liqada davam etdirəcək.
O, sabiq klubu “Səbail”lə anlaşıb. Hücumçu “dənizçilər”lə 1 illik müqavilə bağlayacaq.
Xatırladaq ki, “Şamaxı” 2022/2023 mövsümünün yekunlarına əsasən Premyer Liqanı tərk edib. Sözügedən komanda məhz Amilin köhnə-yeni klubuna “Səbail”ə uduzaraq elita ilə vidalaşıb. Yunanov da Birinci Divizionda oynamaq istəmədiyi üçün özünə yeni iş yeri axtarmağa qərar verib. Onun yaxın günlərdə “Səbail”lə rəsmi müqaviləyə imza atması gözlənilir.
Amil Yunanov 2021-ci ilin iyul ayından “Şamaxı”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində bütövlükdə 22 oyuna çıxıb, 7 qola imza atıb.
Hücumçu “Şamaxı”ya məhz “Səbail”dən ayrılaraq, azad agent kimi keçmişdi. O, 2020/2021 mövsümündə “dənizçilər”in heyətində 20 oyuna çıxıb, 8 qol və 1 assistlə yadda qalıb. Yunanov karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb. Təcrübəli oyunçu Azərbaycan milli komandasında 5 matç keçirsə də, qol vurmağı bacarmayıb.


