Səlahət Ağayev rəsmən “Səbail”də!

Ötən gün “Qəbələ”dən ayrıldığı açıqlanan Azərbaycan milli komandasının qapıçısı Səlahət AğayevSəbail”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, “Qəbələ”dən azad agent kimi ayrıldığı üçün yeni klubunu əlavə xərcə salmayıb.

Xatırladaq ki, “Səbail”in əsas qapıçısı milli komandamızın digər üzvü Emil Balayev olsa da, o, yeni müqavilə ilə bağlı “dənizçilər”lə razılığa gələ bilməmişdi. Bu üzdən də paytaxt klubu da ötən gün onunla yollarını ayırdığını açıqlamışdı.

Bu, “dənizçilər”in mövsümlərarası fasilədə dördüncü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni heyətinə qatıb. Əvəzində Emil Balayevlə yanaşı, Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov və Maksim Çex komandadan ayrılıb. Heyətdəki futbolçulardan hələlik yalnız Vüqar Həsənov yeni müqaviləyə imza atıb.

Sonda onu da bildirək ki, Səlahət Ağayev 2022-ci ilin iyul ayında “Sabah”dan ayrılaraq “Qəbələ”yə keçmişdi. Təcrübəli qolkiper əyalət təmsilçisində 34 oyun keçirib, 45 qol buraxıb, 8 “quru” matçla fərqlənib. O, daha öncə “Keşlə” (indiki “Şamaxı”), “Neftçi”, “Sumqayıt” və MOİK-də də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: