Ötən mövsüm bitən kimi Frankfurt “Ayntraxt”ından ayrılan mərkəz müdafiəçisi Evan Obite Ndika bundan sonra “Roma”da oynayacaq.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Gənc yaşına baxmayaraq, Evan artıq özünü dünyanın ən nüfuzlu liqalarından birində oynamaq təcrübəsi olan, kifayət qədər yetkin oyunçu kimi göstərib. Əvvəlki klubunun Avropa uğurunda da böyük rol oynayıb. Onun “Roma”nı seçməsindən çox məmnunuq”, – klubun bəyanatında deyilir.
23 yaşlı ivuarəsilli fransalı müdafiəçinin “Roma” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər hesablanıb. Futbolçu “Roma”da “5” nömrə altında çıxış edəcək. Ndika “Ayntraxt”ı azad agent qismində tərk edib və “Roma”ya keçidinə görə yeni klubunu xərcə salmayıb.
2022/2023 mövsümündə Evan Ndika 44 oyunda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. 2018-ci ildən Frankfurt klubunun şərəfini qoruyan futbolçu bu komandada bütövlükdə 183 oyuna çıxıb, 12 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə yetirməsi olduğu Fransa “Oser”ində də forma geyinib – 16 oyun, 1 assist.
Ndika Fransanın yeniyetmələrdən və gənclərdən ibarət bütün yığmalarında çıxış edib (U-16, U-17, U-18, U-19, U-20, U-21).
“Transfermarkt” internet-portalı Ndikanı 32 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Roma” Hussem Auarı da azad agent kimi heyətinə qatmış, yarımmüdafiəçi Brayan Kristante və müdafiəçi Kris Smollinqlə də müqavilənin uzadıldığını açıqlamışdı.
Yeri gəlmişkən, “Roma”nın idman direktoru Tyaqo Pinto İtaliya klubunun “Krasnodar”ın kapitanı və Rusiya yığmasının qapıçısı Matvey Safonovla maraqlanmadığını bəyan edib:
“Bu, büsbütün doğru deyil, belə bir məlumatın haradan qaynaqlandığı haqda anlayışım yoxdur”.
Xatırladaq ki, daha əvvəl 24 yaşlı rus qapıçının “Roma”nın diqqətini çəkdiyi bildirilmiş və “canavarlar”ın amerikalı sahiblərinin isə siyasi vəziyyətlə əlaqədar Rusiya klubu ilə bu məqsədlə danışıqlara qadağa qoyduğu vurğulanmışdı.
24 yaşlı Safonov ötən mövsüm “Krasnodar”ın heyətində 36 oyun keçirib, 52 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.
Safonov “Krasnodar”ın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Matvey Safonovu 16 milyon avro məbləğində qiymətləndirir.


