“Liverpul”un təmsilçiləri İtaliya çempionu “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin agenti ilə əlaqə saxlayıblar.
Arena.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, tərəflər hücumçunun keçidi ilə bağlı müzakirə aparıblar.
Mənbənin məlumatına görə, “Liverpul” təmsilçiləri yay transfer pəncərəsində Osimhenin İngiltərə klubuna mümkün transferində maraqlıdırlar. “Qırmızılar”ın “Napoli”nin prezidenti Aurelio De Laurentisin hücumçu üçün 180 milyon avro qiymət təyin etdiyindən xəbərdar olduğu bildirilir.
Vurğulayaq ki, Osimhen həmçinin “Çelsi” və “Mançester Yunayted”in də maraq dairəsindədir. “Napoli” maraqlı tərəflərdən uyğun təklif gözləməklə yanaşı, eyni zamanda futbolçunun agenti ilə də yeni uzunmüddətli müqavilə barədə danışıqlar aparır.
2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə verib. O, komandası ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, 26 qolla A Seriyasının ən məhsuldar futbolçusu olub.
“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


