Qulyelmo Vikario “Empoli”ni “Tottenhem”ə dəyişdi – Rəsmi

İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Empoli” komandasında çıxış edən 26 yaşlı qapıçı Qulyelmo Vikario ilə güclənib.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Mahmızlar” Vikario ilə 2028-ci ilə qədər müqavilə imzalayıblar. İtaliyadan olan qapıçı yeni komandasında “13” nömrə altında çıxış edəcək.

İngiltərə klubu bu transfer üçün “Empoli”yə 20 milyon avro ödəyib. Halbuki, sözügedən klub bu qapıçının transferi üçün ötən yay 8,5 milyon xərcə düşmüşdü.

Qulyelmo Vikario 2021/2022 mövsümünü “Empoli”də “Kalyari”dən icarə əsasında keçirib və ardınca “Empoli” ilə tamhüquqlu müqavilə imzalayıb. Ümumilikdə Vikario “Empoli”nin heyətində 71 oyun keçirib, 113 qol buraxıb. O, 14 oyunda da qapısını toxunulmaz saxlmağı bacarıb.

Vikario ilk dəfə 2022-ci ilin sentyabrında İtaliya yığmasına çağırılsa da, indiyədək yığmanın heyətində heç bir oyun keçirməyib.

“Transfermarkt” internet-portalı Vikarionu 16 milyon avro məbləğində qiymətləndirir.

“Tottenhem”ə gəlincə, “mahmızlar” 2022/2023 mövsümündə Premyer Liqanı 8-ci pillədə başa vurublar və avrokuboklardan kənarda qalıblar. İyunun 6-da avstraliyalı məşqçi Angelos Postekoqlu “Tottenhem”in baş məşqçisi təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: