Ceyms Meddison nifrət etdiyi “Tottenhem”ə keçməyə yaxındır

İngiltərə Premyer Liqasını tərk edən “Lester Siti”nin yarımmüdafiəçisi Ceyms Meddison “Tottenhem”ə keçməyə yaxındır.

Arena.az bu barədə “Sky Sports”a istinadən xəbər verir.

Məlumatda tərəflər arasında müqavilənin şərtlərinin şifahi şəkildə razılaşdırıldığı və Meddisonun özünün də təklif olunan müqavilə ilə artıq razılaşdığı deyilir.

26 yaşlı Meddisonun transferi “Tottenhem”ə 47 milyon avroya başa gələcək.

Geridə qalmış mövsümdə Meddison “Lester Siti”nin heyətində 32 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə verib. “Lester Siti” isə ötən mövsümün yekunlarına görə Çempionşipə yuvarlanıb.

“Transfermarkt” internet-portalı Ceyms Meddisonu 60 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, vaxtilə Ceyms Meddison 2012-ci və 2013-cü illərdə “tvitlər” dərc edərək “Tottenhemi” və “mahmızlar”ın hücumçusu Qaret Beyli bəyənmədiyini özünəməxsus tərzdə qabartmışdı. Həmin “tvitləri” diqqətinizə çatdırırıq:

“Ümidvaram, Luis Suares bu gün “Tottenhem”i darmadağın edəcək. “Mahmızlar”ı bəyənmirəm! Xüsusilə hamının haqqında danışdığı o meymunu (Qaret Beyl nəzərdə tutulur – red)”.

“Mən Qaret Beylə cani-dildən nifrət edirəm, farağat, meymun. Cek Uilşir səndən 10 dəfə yaxşıdır, şimpanze”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: