Futbol üzrə İngiltərə milli komandasının və “Lester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Ceyms Meddison “Tottenhem”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün “Tottenhem”in “Lester Siti”yə 46,3 milyon avro ödədiyini yazıb.
Xatırladaq ki, Ceyms Meddison “Koventri Siti”nin yetirməsidir. O, “Lester Siti”yə gələnə qədər “Norviç Siti” və “Aberdin”də də forma geyinib. 2018-ci ildən isə yarımmüdafiəçi Lester təmsilçisinin uğurları üçün çalışırdı. O, bu komandada bütövlükdə 203 oyuna çıxıb, 55 qol və 41 assist müəllifi olub.
Geridə qalmış mövsümdə Meddison “Lester Siti”nin heyətində 32 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə verib. Onun sabiq komandası isə ötən mövsümün yekunlarına görə Çempionşipə yuvarlanıb.
Ceyms İngiltərə milli komandasında da 3 oyuna çıxıb, amma fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı Ceyms Meddisonu 60 milyon avro məbləğində qiymətləndirir.


