İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi Ris Uilyams qarşıdakı mövsümü Şotlandiya təmsilçisi “Aberdin”də icarədə keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
22 yaşlı oyunçu 2023/2024 mövsümünün sonuna kimi Şotlandiya təmsilçisinə icarəyə verilib. Müqavilədə satınalmaya dair heç bir şərt nəzərdə tutulmayıb.
Ris Uilyams “Liverpul”un yetirməsidir. 22 yaşlı futbolçu doğma klubunun əsas komandasında cəmi 19 oyuna çıxıb. O, 2022/23 mövsümündə icarə əsasında “Blekpul”da çıxış edib. İngilis utbolçu “Suonsi Siti”də də icarədə olub. Müdafiəçi İngiltərənin U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Liverpul” yarımmüdafiəçisi Leyton Klarksonu da “Aberdin”ə birdəfəlik satıb. Amma bu transferin detalları açıqlanmayıb. Leyton 2022-ci ilin avqustunda “Aberdin”ə icarəyə verilmişdi. Lakin Şotlandiya klubu 21 yaşlı yarımmüdafiəçinin geridə qalan mövsümdəki çıxışından o qədər razı qalıb ki, onun transfer hüquqlarını da almağa qərar veriblər. Klarkson “Aberdin”də 38 oyuna 6 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Leyton Klarkson “Liverpul”un əsas komandasında cəmi 3 oyun keçirib. O, daha öncə “Bləkbörn”də də icarədə oynayıb – 7 matç. Yarımmüdafiəçi İngiltərənin U-16 və U-20 yığmalarında da forma geyinib.


