Fabio Karvalyo “Liverpul”dan gedir – Yeni klubu bəllidir

“Liverpul”in Portuqaliyadan olan hücumameylli yarımmüdafiəçisi Fabio Karvalyo icarə əsasında “Leypsiq”ə keçməyə yaxındır.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu bu gün bütün lazımi sənədləri imzalayıb. Tezliklə klublardan bu xüsusda rəsmi açıqlama gözlənilir.

Danışıqlar zamanı “Liverpul”un qarşı tərəfin gənc futbolçunun tamhüquqlu transferi ilə bağlı təklifini qəbul etmək istəmədiyi vurğulanır.

Xatırladaq ki, Fabio Karvalyo “Liverpul”a ötən yay “Fulhem”dən keçib. O, 2022/2023 mövsümündə bu klubun əsas komandasında 21 oyun keçirib, 3 qol vurub.

Fabio Karvalyonun “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Fabionu 16 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən qeyd edək ki, bu yay “Liverpul”dan azad agent kimi ayrılmış braziliyalı hücumçu Roberto Firminonun da Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçməyə yaxın olduğu barədə xəbərlər yayılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: