Kay Haverts “Arsenal”da ən çox qazanan futbolçu oldu

London “Arsenal”ının yeni transferi – alman hücumçu Kay Haverts bütün komanda yoldaşından daha çox məvacib alacaq.

Arena.az bu barədə “Bild”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Haverts ildə təxminən 19,5 milyon avro qazanacaq. Mümkün bonusları da nəzərə alsaq, Havertsin illik gəliri hətta 23 milyon avroya çata bilər.

Havertsin “Arsenal”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Haverts “Arsenal”a iyunun 28-də “Çelsi”dən keçib. Alman hücumçunun “topçular”ın düşərgəsinə transferindən əvvəl “Arsenal”da ən çox maaş alan, yarımmüdafiəçi Tomas Parti idi – ildə 12 milyon avro.

Ümumilikdə Kay Haverts “Çelsi”nin heyətində 139 oyuna çıxıb, 32 qol vurub, 15 məhsuldar ötürmə verib. 24 yaşlı hücumçu “zadəganlar”la UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: