Lionel Messi Argentina millisində son oyununu keçirdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “İnter Mayami” klubunda çıxış edən Lionel Messi Argentina millisinin heyətində son oyununu keçirib.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu Buenos-Ayresdə Beninlə keçirilmiş yoldaşlıq görüşündə iştirak edib.

Argentina millisi rəqibini 3:0 hesabı ilə məğlub edib. Matçda kapitan sarğısı ilə meydana çıxmış Messi 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Görüşün 48-ci dəqiqəsində onun künc zərbəsindən sonra Nikolas Otamendi hesabı açıb. 61-ci dəqiqədə isə Messi Niko Pasa assist edib. 10 nömrəli formanı geyinən əfsanəvi futbolçu 71-ci dəqiqədə penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu, Messinin Argentina millisində 208-ci oyunu olub. O, milli komandada keçirdiyi matçların sayına görə rekordçudur. “Leo” həm də 126 qolla Argentina millisinin tarixində ən məhsuldar futbolçudur.

Matçın 10-cu dəqiqəsində oyun dayandırıldı

Messinin vida matçı xüsusi mərasimlə yadda qalıb. Qarşılaşmanın 10-cu dəqiqəsində baş hakim oyunu dayandırıb. Argentina millisində karyerasının böyük hissəsini 10 nömrəli forma ilə keçirən Messi həmin anda 85 min azarkeş tərəfindən ayaqüstə alqışlanıb.

Hər iki komandanın futbolçuları və məşqçiləri də Messini alqışlayıblar. Benin millisinin üzvləri növbə ilə argentinalı ulduzun yanına gələrək onunla görüşüb.

Lionel Messi meydana üç oğlu ilə birlikdə çıxıb. Baş məşqçi Lionel Skaloni isə bu anlarda göz yaşlarını saxlaya bilməyib.

Vida matçından əvvəl Argentina Futbol Assosiasiyası tərəfindən Messi üçün xüsusi mərasim təşkil olunub. Ona Buenos-Ayres Universitetinin fəxri doktoru adı da təqdim edilib. Stadionda nəhəng “Gracias” (“Təşəkkürlər”) yazılmış forma nümayiş etdirilib, qarşılaşmanın sonunda isə xüsusi dron şousu keçirilib.

Messi vida matçından bir gün əvvəl Argentina millisinin futbolçuları ilə ənənəvi “asado” – manqal süfrəsində iştirak edib.

“Neftçi”nin kapitanı da Messiyə qarşı oynadı

Qarşılaşmada Azərbaycan futbolsevərləri üçün maraqlı məqam da yaşanıb. “Neftçi”nin futbolçusu və Benin millisinin kapitanı Sessi D’Almeyda Argentina ilə matçda 90 dəqiqə meydanda olub.

O, görüşdən əvvəl Messi ilə görüşərək dünya futbolunun əfsanəsinə xatirə hədiyyəsi təqdim edib.

Benin millisinin qapıçısı Marsel Dandjinu isə qarşılaşmadan əvvəl Messiyə qol hədiyyə etməyəcəyini bildirmişdi. O, “mən qapıçıyam və vəzifəm zərbələri dəf etməkdir” deyərək hətta penaltidə də Messinin qarşısını almağa çalışacağını söyləmişdi. Dandjinu ilk hissədə argentinalı hücumçunun iki zərbəsini dəf etsə də, 71-ci dəqiqədə penaltidə Messiyə mane ola bilməyib.

Lionel Messi Argentina millisində karyerasını dünya çempionluğu (2022), iki Amerika Kuboku (2021, 2024) və 2008-ci il Olimpiya çempionluğu ilə başa vurub. O, həmçinin 8 dəfə “Qızıl top”un qalibi olub.

Argentina millisinin heyətində 6 dünya çempionatında iştirak etmiş Messi milli komandanın tarixində həm oyun, həm də qol sayına görə rekordçudur.

Messi milli karyerasını başa vursa da, futbolçu karyerasını davam etdirir. O, 2023-cü ildən “İnter Mayami”də çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: