Türkiyənin “Somaspor” komandasında forma geyinən Emrecan Bulut bundan sonra Super Liqa nəhəngi “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Beşiktaş”ın 2023/2024 mövsümü öncəsi ilk transferi məhz Emrecan Bulut olub. 20 yaşlı sol cinah vingeri ilə 4+1 illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi ötən mövsüm aşağı liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 oyunda 16 qol vurub, 1 assistlə yadda qalıb.
“Beşiktaş” “Alanyaspor”dan icarəyə götürdüyü Tayfur Bingöllə də yollarını ayırdığını açıqlayıb. İcarə müqaviləsinin müddəti bitən 30 yaşlı yarımmüdafiəçi Alanya klubuna qayıdıb. O, geridə qalan mövsümdə “qara qartallar”ın heyətində keçirdiyi 29 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Türkiyəli futbolçunun “Alanyaspor”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. Tayfur daha öncə “Hacettepe”, “Gənclərbirliyi”, “Bandırmaspor”, “Adana Dəmirspor”, “Göztəpə” və “Buraspor”da da forma geyinib, Türkiyənin gənclərdən ibarət yığmalarında oynayıb.
“Beşiktaş”ın İngiltərədən olan sağ cinah vingeri Natan Redmondla da müqaviləsinin müddəti başa çatıb. İyulun 1-dən azad agent olan futbolçu ilə yeni müqaviləyə dair danışıqlar davam etsə də, onun hələ İstanbul klubunda qalıb-qalmayacağı dəqiqləşməyib.
Natan Redmond “Beşiktaş”a 2022-ci ilin sentyabrında “Sauthempton”dan azad agent kimi ayrılaraq keçmişdi. 29 yaşlı futbolçu bu komandada keçirdiyi 28 oyunda 6 qol və 6 assist müəllifi olub. Redmond daha öncə “Sauthempton”dan başqa “Norviç Siti” və “Birmingem Siti”də də forma geyinib. O, İngiltərə yığmasında da 1 oyun keçirib.
“Beşiktaş”ın məşqçilər korpusunda da yeni təyinat olub. İstanbul klubunun sabiq hücumçusu Burak Yılmaz baş məşqçi Şenol Günəşin köməkçisi təyin edilib. Komandanın yeni mövsüm öncəsi ötən gün baş tutan ilk məşqində Burak da iş başında olub.
Xatırladaq ki, Burak Yılmaz 2006-2007 və 2019-2020 illər aralığında “Beşiktaş”da forma geyinib. Son olaraq Niderlandın “Fortuna Sittard” komandasında oynamış Burak, bu yay futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.


