“Nyukasl” eyni zamanda iki ingilis yarımmüdafiəçi – “Çelsi”dən Konor Qallaxer və “Mançester Siti”dən Kalvin Fillipslə maraqlanır.
Arena.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “sağsağanlar” məhdud büdcəyə malik olduğundan, gənc ingilis futbolçuların tamhüquqlu transferini istəmirlər. Klub rəhbərliyi “Çelsi” və “Mançester Siti” ilə oyunçuların məhz icarəsi ilə bağlı danışıqlar aparmaq niyyətindədir.
“Nyukasl”ın Konor Qallaxerin transferində xüsusilə ciddi olduğu bildirilir. 23 yaşlı yarımmüdafiəçi artıq ardıcıl üçüncü transfer pəncərəsində “sağsağanlar”ın maraq dairəsindədir.
2022/2023 mövsümündə Konor Qallaxer “Çelsi”nin heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kalvin Fillipsə gəlincə, yarımmüdafiəçi geridə qalmış mövsümdə “Mançester Siti”nin heyətində 21 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı hər iki yarımmüdafiəçini 32 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Nyukasl”ın “Milan”ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatdığı haqda məlumat verilmişdi. Baxmayaraq ki, Premyer Liqa təmsilçisi hələ də bu transferi rəsmən açıqlamayıb.


