Yeni baş məşqçisini hələ də müəyyənləşdirməmiş “Neftçi”də müdafiəçi Voyislav Stankoviç ilə başa çatan müqavilə yenilənməyib.
Arena.az xəbər verir ki, paytaxt klubu təcrübəli futbolçunu saxlamağa ehtiyac duymayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı serbiyalı futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Voyislav Stankoviç 2019-cu ilin iyulundan “Neftçi”də çıxış edirdi. O, geridə qalan 4 mövsüm ərzində 97-si çempionat (7 qol), 11-i kubok (1 qol), 18-i avrokubok olmaqla 126 matçda meydana çıxıb. Təcrübəli müdafiəçi bu oyunlarda 8 qola da imza atıb.
Stankoviç “Neftçi”dən öncə Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”, 12 oyun) və “Qəbələ”nin (132 oyun, 2 qol, 1 assist) də uğurları üçün çalışıb. Voyislav Azərbaycana gələnə qədər də “Partizan”, “Beoqrad” və “Dinamo” (Vranye) kimi klubların formasını geyinmişdi. O, Serbiya milli komandasında da 1 oyun keçirib.
Xatırladaq ki, “Neftçi”də daha öncə Sezar Meza Kolli, Vato Arveladze və Mert Çeliklə də yollar ayrılmışdı. Emil Balayev və Filip Ozobiçi transfer edən paytaxt klubu “Turan Tovuz”da icarədə olan Turan Vəlizadəni də geri qaytarıb. İvan Brkiç və Emin Mahmudovla isə yeni müqavilə imzalanıb.


