Tahit Çonq Premyer Liqanın yeni klubunda – Rəsmi

“Birmingem Siti”nin niderlandlı yarımmüdafiəçisi Tahit Çonq Premyer Liqanın yeni təmsilçisi “Luton Taun”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının debütantı olan klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Lutonlular bu keçidə görə Birmingem klubuna 4,7 milyon avro ödəyiblər. 23 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır.

Tahit Çonq “Mançester Yunayted”in yetirməsidir. O, bu klubun əsas komandasında 16 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Gənc vinger 2021-ci ilin yayından formasını geyindiyi “Birmingem Siti”də də 61 oyuna 5 qol və 8 assist müəllifi olub. Yarımmüdafiəçi daha öncə icarə əsasında “Verder” və “Brügge”nin də uğurları üçün çalışıb. Niderlandın U-21 yığmasında və aşağı yaş qrupları üzrə millilərində oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Luton Taun” “Roterem Yunayted”in vingeri Çidozi Oqbene və “Barnsli”nin mərkəz müdafiəçisi Mads Anderseni də transfer edib. Onlarla da müqavilənin müddəti, transferin digər detalları açıqlanmır.

Çidozi Oqbene 2019-cu ildən formasını geyindiyi “Roterem Yunayted”də 136 oyuna 14 qol vurub, 22 assist edib. 26 yaşlı futbolçu daha öncə “Kork Siti”, “Limerik”, “Brentford”, “Ekseter Siti” kimi klublarda da forma geyinib. O, İrlandiya milli komandasında da 15 oyun keçirib, 4 qol vurub.

Mads Andersen də 2019-cu ildən “Barnsli”də idi. Danimarkalı futbolçu bu komandada 175 oyuna 5 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı müdafiəçi “Horsens”, “Köqe”, “Bröndbü” kimi klubların da formasını geyinib.

7 futbolçu ilə yeni müqavilə

“Luton Taun” öz yarımmüdafiəçisi Pelli Raddokla da yeni müqavilə imzalandığını açıqlayıb. 29 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti gizli saxlanılıb.

Raddok “Luton Taun”un heyətində 2013/2014 mövsümündən çıxış edir. Konqolu yarımmüdafiəçi komandası ilə Premyer Liqaya çıxmaqla dünya futbol tarixində ilki bacarıb. O, İngiltərənin beşinci divizionundan Premyer Liqaya qədər uzun yolu bir komanda ilə keçən ilk futbolçu kimi tarixə düşüb.

Luton klubu yarımmüdafiəçisi Lyuk Berri ilə də yeni müqavilə bağlayıb. 31 yaşlı ingilis futbolçunun bir illik sözləşmə bağladığı bildirilir. O, 2017-ci ildən formasını geyindiyi “Luton Taun”da 164 oyuna çıxıb, 24 qol, 14 assistlə yadda qalıb.

Yamaykalı sol cinah müdafiəçisi Amari Bell də bu komandada qalmağa qərar verib. 29 yaşlı futbolçunun sözləşmə müddəti bilinmir. O, 2021-ci ildən oynadığı bu komandada 97 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.

Çarlton Morris, Koli Vudrou, Ris Berk, Tom Lokyer də klubla yeni sözləşməyə imza atıblar. Onların hər birinin ən azı qarşıdakı mövsümdə Premyer Liqada bu komanda ilə birgə olacağı dəqiqdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: